Kristofer Nkunku yenə sıradan çıxdı

Futbol üzrə Fransa yığmasının və İngiltərənin “Çelsi” klubunun hücumçusu Kristofer Nkunku növbəti dəfə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tibbi müayinədən keçən 26 yaşlı forvardın bir müddət komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb. Amma onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Xatırladaq ki, Nkunku “Çelsi”yə 2023-cü ilin yayında Almaniyanın “Leypsiq” klubundan 60 milyon avroya transfer edilib. Fransa millisinin üzvü dizindən əməliyyat olunduğu üçün mövsümün birinci yarısında komandasına kömək edə bilməyib. Ardından ombasından xəsarət alan oyunçu son olaraq fevralın 17-də Premyer Liqada “Mançester Siti” ilə heç-heçə (1:1) etdikləri matçda oynayıb. O, cari mövsümdə cəmi 10 qarşılaşmada iştirak edib və 2 qola imza atıb.

Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ilin iyul ayından ötən ilin yayına kimi “Leypsiq”in formasını geyinib. O, Bundesliqa təmsilçisinin heyətində 172 oyuna çıxıb. Bu oyunlarda 70 qol vurmuş hücumçunun hesabında 56 məhsuldar ötürmə də var. Nkunkunun PSJ karyerası isə 78 oyun, 11 qol və 4 assistdən ibarətdir. Hücumçu Fransa milli komandasında keçirdiyi 10 oyunda qol vura bilməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: