“Liverpul”un misirli sağ vingeri Məhəmməd Salah cari mövsümün sonunda “Liverpul”u tərk edərək Səudiyyə Ərəbistanına yollanacaq.
Arena.az məlumat verir ki, bu barədə Misir yığmasının sabiq futbolçusu Mido özünün sosial şəbəkə hesablarından biri üzərindən yazı dərc edib:
“Salah gələn mövsüm Səudiyyə Ərəbistanında oynayacaq. Artıq müqavilə imzalanıb”, – Mido yazıb.
Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 28 oyuna 19 qol vurub, 10 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 333 oyun, 205 qol, 89 məhsuldar ötürmə.
Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Bazel”, “Fiorentina”, “Çelsi”, “Əl-Mukavilun” kimi klubların da formasını geyinib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 96 oyun keçirib, 54 qol vurub, 32 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı misirli vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Salah hazırda yüngülcə zədəlidir və zədəsinin müalicəsi ilə məşğuldur.


