Yurgen Klopp: “Biz yarışlar arasında fərq qoymuruq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 28-ci turunda “Mançester Siti” ilə qarşıdakı ev oyunu haqda danışıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, alman mütəxəssin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bildiyim qədər, cümə axşamı bizim cəmi bir oyunumuz var (Avropa Liqasında “Sparta” ilə oyun – redaktorun qeydi). Bu, hazırda ən vacib oyundur. Yarışlar arasında üstünlük qoysaydıq, Liqa Kubokunu qazanmazdıq, İngiltərə Kubokunun növbəti mərhələsinə vəsiqə qazanmazdıq və Avropa Liqasından kənarda qalardıq. Amma biz bunu etmirik. Bəlkə bunu etmək daha ağıllı olardı, amma mən bir az axmaqtəhərəm. Biz hər oyunda mütləqinə oynayırıq və cümə axşamı da belə olacaq”, deyə Klopp vurğulayıb.

Xatırladaq ki, “Liverpul” martın 7-də Avropa Liqasının 1/8 finalı çərçivəsində səfərdə “Sparta” ilə qarşılaşacaq. Martın 10-u Bazar günü isə “Liverpul” Premyer Liqanın 28-ci turu çərçivəsində “Mançester Siti”ni qəbul edəcək. Oyun turun mərkəzi görüşü kimi əlamətdardır və bəlkə də çempionluğun taleyini həll edəcək qədər vacibdir.

Hazırda “Liverpul” 63 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edir. “Mançester Siti” 62 xalla 2-ci, “Arsenal” 61 xalla 3-cü pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: