Yurgen Klopp Erlinq Halanddan çox Filip Fodendən ehtiyatlanır?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 28-ci turunda evdə “Mançester Siti” ilə qarşıdakı oyunla bağlı fikirlərini paylaşıb.

Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Erlinq Halandın hərəkətlərinə baxsanız, onun inanılmaz dərəcədə ağıllı olduğunu görə bilərsiniz. “Mançester Siti”yə qarşı keyfiyyətli müdafiə olmalıdır, çünki Vircil van Deyk Halandı dayandıra bilsə belə, onların 30 yarddan (27,43 m) uzaq küncə top vura bilən Fil Foden, həmçinin hər şeyə qadir olan Rodri kimi futbolçuları var. Ona görə də deyə bilmərik ki, bizə yalnız Haland qarşı durur.

Oyundan əvvəl çox həyəcanlıyam. Biz yaxşı olduğumuzu bilirik, amma onların həqiqətən yaxşı olduğunu da bilirik”, deyə Yurgen Klopp vurğulayıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland isə öz növbəsində “Liverpul”un müdafiəçisi Vircil van Deyki “qırmızılar”ın aparıcı oyunçusu adlandırıb. Norveçli hücumçunun bu barədə fikirlərini təqdim edirik:

“Düşünürəm ki, Vircil van Deyk “Liverpul”un əsas oyunçusudur. O, canavardır. Mən belə oyunçulara qarşı oynamağı sevirəm, çünki bu, əsl sınaqdır”, deyə Erlinq Haland vurğulayıb.

Xatırladaq ki, martın 10-da bazar günü “Mançester Siti” Premyer Liqanın 28-ci turu çərçivəsində “Liverpul”un qonağı olacaq. Oyun turun mərkəzi görüşü kimi əlamətdardır və bəlkə də çempionluğun taleyini həll edəcək qədər vacibdir.

Hazırda “Liverpul” 63 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edir. “Mançester Siti” 62 xalla 2-ci, “Arsenal” 61 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: