İngilis sabiq hakim Mark Klattenburq Premyer Liqanın 28-ci tur “Liverpul” – “Mançester Siti” oyunundakı mübahisəli məqam haqda danışıb.
Arena.az xatırladır ki, 90+9-cu dəqiqədə “Mançester Siti”nin vingeri Jeremi Doku “şəhərlilər”in cərimə meydançasında “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisterin sinəsinə açıq ayaqla zərbə endirmişdi.
Oyunun baş hakimi Maykl Oliver isə bu anı oyun məqamı kimi qiymətləndirərək, penalti təyin etməmişdi.
Mark Klattenburq “Daily Mail” nəşrində özünün köşəsində bu məqam haqda fikirlərini qələmə alıb:
“Liverpul”un lehinə penalti verilməli idi, amma Premyer Liqanın fəsadı budur – hakimlər səhv edirlər, VAR isə onlara kömək etmir. Top sıçradı, Makallister onu qarşılamaq üçün irəli yeridi, Doku isə ayağını qaldıraraq Aleksisin sinəsinə vurdu. Cərimə meydançasından kənarda həftənin istənilən günü bu, qayda pozuntusu olardı.
Bunun cərimə meydançasında baş verməsi o demək deyil ki, bu, birdən-birə təmiz döyüşə çevrildi. Oyunun miqyasından və 98-ci dəqiqədə baş verməsindən asılı olmayaraq, bu, penaltiyə layiq hadisə idi”, deyə Klattenburq vurğulayıb.
Xatırladaq ki, Maykl Oliverin bu ciddi xətası mərkəzi oyunun nəticəsinə birbaşa təsir edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
28-ci turun mərkəzi oyununda “sülh” “Arsenal”ın xeyrinə işləyib. İndi Mikel Artetanın “topçular”ı 64 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edirlər. “Liverpul” da “Arsenal”la şərikli liderliyini sürdürür, amma top fərqi və şəxsi oyunda üstünlük (3:1) məhz “Arsenal”ı zirvədə saxlayır. “Mançester Siti” isə 63 xalla 3-cü pillədə qərarlaşıb.
Göründüyü kimi, Premyer Liqa çempionluğu uğrunda mübarizə gərginlik vəd edir.


