Məhəmməd Salah “Mançester Yunayted”in qənimidir

İngiltərə Kubokunun 1/4 finalında “Mançester Yunayted”ə qarşı oyun “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Arena.az xatırladır ki, “Old Trafford”də keçirilmş dramatik oyunda “qırmızı şeytanlar” “Liverpul”u əlavə vaxtın təzminat dəqiqələrində (120+1) vurduqları qolla mübarizədən kənarlaşdırıblar.

Məhəmməd Salah bu oyunda “Liverpul”un qollarından birini vurub və bununla da futbol tarixində “Mançester Yunayted”ə qarşı oyunlarda müstəsna nailiyyətə imza atıb. Belə ki, Salah “Mançester Yunayted”ə qarşı ardıcıl beşinci oyunda “qırmızı şeytanlar”ın qapısına yol tapa bilib. Salaha qədər heç bir futbolçu İngiltərə nəhənginin başına bu oyunu aça bilməyib.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 32 oyuna 21 qol vurub, 13 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 337 oyun, 207 qol, 92 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Bazel”, “Fiorentina”, “Çelsi”, “Əl-Mukavilun” kimi klubların da formasını geyinib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 96 oyun keçirib, 54 qol vurub, 32 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı misirli vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: