Spalletti milli üzvlərinə PlayStation oynamağı qadağan etdi

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti “skuadra adzurra”nın düşərgəsində PlayStation oynamağa qadağa qoyub.

Arena.az “Pazzi Di Fanta” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis öz qərarını əsaslandırıb:

“Bəzi futbolçuların gecələr yatmayıb, sonra İtaliya millisinin formasında daha pis oynaması məni qane etmir”, deyə millinin baş məşqçisi bildirib.

Xatırladaq ki, qarşıda İtaliya yığmasını Venesuela (21 mart) və Ekvador (24 mart) yığmaları ilə beynəlxalq yoldaşlıq oyunları gözləyir.

2023-cü ilin sentyabr ayının 1-də Spalletti böhran keçirən İtaliya yığmasının sükanı arxasına gətirilib. Təcrübəli mütəxəssis çox çətin turnir vəziyyətində olan cari Avropa çempionları üçün, 2024-cü ildə Almaniyada keçiriləcək qitə birinciliyinə qrupdan birbaşa vəsiqəni təmin edib. Spallettinin “skuadra adzurra” ilə müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Məşqçilik karyerası ərzində Spalletti “Napoli” ilə İtaliya A Seriyasının, “Roma” ilə İtaliya Kubokunun (2 dəfə) və İtaliya Super Kubokunun, Sankt-Peterburq “Zenit”i ilə Rusiya Premyer Liqasının (2 dəfə), Rusiya Kubokunun və Rusiya Super Kubokunun qalibi olub. Təcrübəli mütəxəssis həmçinin “Empoli”yə İtaliya C Seriyasının çempionluğunu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: