Luis Enrike PSJ ilə trebldən dəm vurur

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa nəhənginin cari mövsümdə treblə imza atmaq imkanlarından söhbət açıb.

Arena.az “PSG Report” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis Fransa Liqa 1-də, Fransa Kubokunda və Çempionlar Liqasında qələbəyə inanır:

“Biz bunu bütün qəlbimizlə etməyə çalışacağıq”, deyə Luis Enrike vurğulayıb.

Hazırda PSJ itkisiz irəliləyir. Fransa nəhəngi Liqa 1-də 26 oyundan 59 xalla yarış cədvəlinə başçılıq edir və ən yaxın təqibçisi “Brest”i (47 xal) 12 xal qabaqlayır.

Fransa Kubokunda isə PSJ yarışın yarımfinal mərhələsinə yüksəlib və aprelin 3-də “Renn”lə qarşılaşacaq.

Çempionlar Liqasına gəlincə, yarışın 1/4 final mərhələsində Fransa nəhəngini “Barselona” ilə iki oyun gözləyir. PSJ aprelin 10-da Parisdə, aprelin 16-da isə Barselonada Kataloniya nəhəngi ilə cütün taleyinə aydınlıq gətirməyə çalışacaq.

Üstəlik, Luis Enrikenin yetirmələri 2024-cü il Fransa Super Kubokunu da qazanıblar və trebl edəcəkləri halda bu, kvadrupla çevriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: