Joao Feliks: “Barselona”da qalmağıma şad olaram”

Hazırda “Barselona”da icarə əsasında çıxış edən, Madrid “Atletiko”sunun portuqal vingeri Joao Feliks gələcəyi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, portuqal hücumçu “blauqrana”nın düşərgəsində qalmaq istədiyini açıqlayıb:

“Barselona”da qalmaqdan və oynamağa davam etməkdən məmnun olaram, amma bu, məndən asılı deyil. Gəlin görək gələn il nə olacaq. Mən yeni “Kamp Nou”da oynamaq istərdim”, deyə Feliks bildirib.

Xatırladaq ki, Joao Feliks “Barselona”ya 2023-cü ilin sentyabr ayında cəlb olunub. O, 2023/2024 mövsümünün sonuna kimi kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Cari mövsümdə Feliks “Barselona”nın heyətində uğurla çıxış edir. O, Kataloniya təmsilçisində bütövlükdə 35 oyun keçirib, 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Joao Feliks “Portu”nun yetirməsidir. O, 2015-ci ildə “Benfika”ya üz tutub. Sol cinah vingeri peşəkar karyerasına da məhz bu komandada başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro ödəməklə Feliksi öz heyətinə qatıb.

Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

Feliks ötən mövsüm İngiltərənin “Çelsi” klubunda da icarədə olub. O, London klubunun heyətində 20 oyuna 4 qol vurub.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 37 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı Joao Feliksi 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: