UEFA AÇ-2024-lə bağlı qərarını nə vaxt açıqlayacaq?

UEFA komandaların 2024-cü il Avropa çempionatı üçün ərizəsində futbolçuların sayında mümkün dəyişikliklə bağlı açıqlama yayıb.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinin qurumun rəsmi saytında dərc etdiyi bəyanatına əsasən məlumat verir.

Yekun qərarın yaxın həftələrdə veriləcəyi bildirilir.

“Müsbət müzakirələr məşqçilər arasında fərqli fikirləri ortaya çıxardı, bəziləri zədə təhlükəsi və oyunçulara qoyulan yüksək fiziki tələblərlə mübarizə aparmaq üçün heyətin sayını artırmaq istəyini ifadə etdilər. Digərləri isə əlavə oyunçularla məşq etmək və dəstə idarə etməkdə çətinlik çəkdiklərini əsas gətirərək komanda oyunçularının sayının 23-ə qədər məhdudlaşdırılmasını üstün tutduqlarını bildiriblər”, – UEFA-nın saytında yerləşdirilmiş bəyanatda deyilir.

Xatırladaq ki, AÇ-2024 üçün heyətlər hazırda 23 oyunçu ilə məhdudlaşır ki, bu da AÇ-2020-dən əvvəl qüvvədə olan qaydalara istinad edir. O vaxt, AÇ-2020 zamanı COVID-19 pandemiyası ilə əlaqədar oyunçuların sayının 26 oyunçuya artırılmasına icazə verilirdi.

AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Yarışın oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: