“Çelsi”nin sahibləri Premyer Liqada qüvvədə olan maliyyə ədaləti qaydalarının pozulmasının qarşısını almaq üçün tədbir görüblər.
Arena.az xəbər verir ki, klub rəhbərliyi xallardan məhrum edilmə şəklində sanksiyalara məruz qalmamaq üçün “Stemford Bric” stadionunun ərazisində yerləşən oteli özləri satıblar.
Araşdırmaçı jurnalist Ceyms Nelton bu barədə “zadəganlar”ın maliyyə hesabatlarını öyrənərək məlumat verib.
Mənbənin məlumatına görə, bu müqaviləni həyata keçirməklə “Çelsi” əlavə 89,4 milyon avro məbləğində qazanc əldə edib.
Xatırladaq ki, ötən ilin noyabrında İngiltərə Premyer Liqası maliyyə ədaləti qaydalarını pozduğuna görə yarış cədvəlində “Everton”u 10 yarış xalından məhrum etmişdi. Daha sonra Liverpul təmsilçisi bu qərara etirazını bildirmiş və uğurlu şikayət ərizəsi ilə müraciət nəticəsində 4 xalını geri ala bilmişdi. Ancaq aprelin əvvəlində “Everton”un hesabından daha 2 xal silinəcəyi ilə bağlı məlumatlar ortaya çıxıb.


