Avropa Liqasının ilk yarımfinal oyununda səfərdə “Roma” üzərində qələbə (2:0) Almaniya çempionu “Bayer” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu oyunda məğlub olmamaqla Leverkuzen klubu sahibi olduğu, XXI əsrdə Avropada rəsmi oyunlarda ən uzun məğlubiyyətsizlik silsiləsini 47 oyuna çatdırıb.
Cari 2023/2024 mövsümündə Xabi Alonsonun “əczaçılar”ı rəqiblərini 39 dəfə məğlub edib, 8 dəfə heç-heçə ediblər.
Yeri gəlmişkən, “Bayer” bundan əvvəl, müvafiq rekordunu artıq 3-cü dəfə ardıcıl olaraq oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində qol vurmaqla sürdürürdü. Bu dəfə isə “əczaçılar” “Roma”da “canavarlar”ı məğlub edə biliblər. Hər şeyin bir sonu var, amma “Bayer”in fantastik nəticələrinin nə vaxtsa təkrar edilə biləcəyi, sadəcə olaraq mümkünsüz görünür.
Xatırladaq ki, “Bayer” cavab oyunu çərçivəsində “Roma”nı mayın 9-da “Bay Arena”da qəbul edəcək.


