Luis Enrike “Barselona”ya qayıdır? – Özü cavabladı

PSJ-nin baş məşqçisi Luis Enrike Xavinin “Barselona”dakı baş məşqçi vəzifəsinin boş qala biləcəyi haqda sualı cavablayıb.

Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, ispan mütəxəssis ona ünvanlanmış bu sualın arxasında hansı cavab almaq cəhdinin (“Barselona”nın baş məşqçisi olmaq) dayandığını duyaraq, sualı özünəməxsus üslubda cavablayıb:

“Mən bilmirəm, bu barədə şərh verməyəcəyəm. İndi fransızca seriallara aludə olmuşam. Mən ancaq Fransada baş verənləri izləyirəm”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, daha əvvəl, “blauqrana”nın baş məşqçisi Xavinin, komanda heyətini yaxşılaşdırmaq zərurəti və klubun çətin iqtisadi vəziyyəti ilə bağlı sözlərindən sonra, “Barselona”nın idarə heyətinin bir neçə üzvü, ispan mütəxəssisin cari mövsümün sonunda vəzifəsini tərk etməsini istəyib.

Luis Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. 54 yaşlı ispan mütəxəssisin Fransa nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Parislilər Luis Enrikenin rəhbərliyi altında erkən surətdə Fransa çempionu olublar. Bu, klub tarixində 12-ci müvafiq zəfərdir və mütləq Fransa rekordudur. Həmçinin ispan mütəxəssis PSJ-yə Fransa Super Kubokunu qazandırıb. O, bu komandanı həm də mayın 25-də həlledici oyuna çıxaracağı Fransa Kubokunun finalına daşıyıb.

Enrike daha öncə “Barselona”ya həm futbolçu, həm də məşqçi kimi xidmət göstərib. O, məşqçiliyə məhz Kataloniya klubunun B komandasında başlayıb. 2014-2017-ci illər aralığında isə ispan məşqçi “Barselona”nın əsas komandasına rəhbərlik edib və bir sıra uğurlara imza atıb. O, “Roma” və “Selta” komandalarında, həmçinin İspaniya millisində də baş məşqçi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: