Niderlandlı mütəxəssis Arne Slot “Liverpul”un yeni baş məşqçisi olaraq təyinat alıb və yayda vəzifəsinin icrasına başalayacaq.
Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən məlumat verir.
Yeni müqavilə niderlandlı mütəxəssisin İngiltərədə iş icazəsi almasından sonra, cari ilin iyun ayının 1-də qüvvəyə minəcək. Beləliklə, növbəti mövsümdən Arne Slot “Liverpul”un sükanı arxasından ayrılmış alman mütəxəssis Yurgen Kloppu əvəz edəcək.
45 yaşlı mütəxəssis 2021-ci ilin iyulundan “Feyenoord”un baş məşqçisidir. Bu müddətdə niderlandlı mütəxəssisin rəhbərliyi altında “Feyenoord” bütün yarışlarda 148 oyuna çıxıb, 97 qələbə, 27 heç-heçə və 24 məğlubiyyət yaşayıb. Rotterdamlıların top fərqi isə 346:156 nisbətindədir. Slot “Feyenoord”a Niderland Eredivizisini (2022/2023) və Niderland Kubokunu (2023/2024) qazandırıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda, Arne Slotun “qırmızılar”la müddəti 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə xəbərlər yayılmışdı. Eyni zamanda, “Liverpul” niderlandlı mütəxəssis müqabilində “Feyenoord”a təzminat haqqı olaraq 13-15 milyon avro məbləğ civarında ödəniş edəcək.



