Vilyam Saliba Premyer Liqada yeni rekorda imza atdı

“Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Saliba Premyer Liqa mövsümündə meydanda keçiridiyi oyun dəqiqələri üzrə rekorda imza atıb.

Arena.az məlumat verir ki, fransalı futbolçu cari mövsümdə Premyer Liqa çərçivəsində meydanda 3420 dəqiqə keçirib.

Maraqlıdır ki, “topçular”ın digər oyunçusu, sabiq sağ cinah müdafiəçisi Li Dikson 1989/1990-cı illər mövsümündə, hələ Premyer Liqa təsis edilməmişdən iki il əvvəl eyni nəticəni göstərmişdi.

Vilyam Salibanın valideynləri əslən Kamerundandırlar. Saliba İl-de-Frans bölgəsinin Sen-Sen-Deni departamentinin Bondi kommunasında dünyaya gəlib. Vilyam elə, yerli “Bondi”də də futbolda ilk addımlarını atıb. Buradan “Monfermey”, ardında isə “Sent-Etyen”ə keçmiş Saliba böyük futbolda debüt edib. 2019-cu ilin iyulunda “Arsenal” 30 milyon avro müqabilində Salibanı “topçular”ın düşərgəsinə qatıb və futbolçusunu bir müddət elə, “Sent-Etyen”ə, ardınca “Nitsa” və Marsel “Olimpik”inə icarələrə göndərib. 2022-ci ilin iyununda “Arsenal” artıq püxtələşmiş futbolçusunu heyətinə geri qaytarıb. Fransalı müdafiəçinin London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Vilyam Saliba cari mövsümdə “topçular”ın heyətində 50 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Salibanın “Arsenal”ın heəytində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə təsvir yaradır: 83 oyun, 5 qol, 2 məhsuldar ötürmə.

Vilyam Saliba Fransanın Olimpiya yığması da (U-23) daxil olmaqla, U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə uzun bir yol gəlib və 2022-ci ilin martında “xoruzlar”ın əsas yığmasında debüt edib. Saliba Fransa yığmasında 13 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Vilyam Salibanın qənimətlər muzeyində “Arsenal”la qazandığı 2 İngiltərə Super Kuboku (2020/2021, 2023/2024) var. “Xoruzlar”la isə Saliba DÇ-2022-nin gümüş mükafatçısı olub.
Fərdi mükafatlara gəlincə, Vilyam Saliba 2022-ci ildə Fransa Liqa 1-in ən yaxşı gənc oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı mərkəz müdafiəçisi Vilyam Salibanın transfer dəyətini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: