“Çelsi”nin sabiq futbolçusu Qustavo Poyet “zadəganlar”ın baş məşqçi vəzifəsindən istefaya göndərilmiş Maurisio Poçettino haqda danışıb.
Arena.az uruqvaylı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Çelsi”ni izləyən hər kəs xoş yay və gələn mövsüm böyük bir məqam gözləyirdi. Amma klub daxilində nə baş verdiyini bilmirik. Mən Poçettinonun getdiyini biləndə sarsıldım, buna inana bilmədim. Bəzən bu, qeyri-mümkün görünürdü”, deyə Qustavo Poyet bildirib.
Xatırladaq ki, “Çelsi” mayın 21-də Maurisio Poçettino ilə müqaviləsinə xitam verərək, yollarını ayırdığını rəsmən bəyan edib. Argentinalı mütəxəssis bu vəzifəyə 2023-cü ilin yayında təyin edilmişdi. Bu müddət ərzində “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 51 oyuna çıxıblar. “Çelsi” bu oyunların 27-də qalib gəlib, 10 heçə-heçə edib, 14 dəfə məğlub olub. Komandanın top fərqi isə 107:76 nisbətindədir.
Vurğulayaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etməyib. “Zadəganlar” İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümünü isə 63 xalla 6-cı pillədə başa vuraraq, növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıblar.
“Çelsi” həmçinin İngiltərə Liqa Kubokunun finalçısı olub və burada “Liverpul”a 0:1 hesabı ilə məğlub olub. İngiltərə Kubokunda isə “zadəganlar” mübarizəyə yarımfinal mərhələsində, “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olaraq xitam veriblər.
Poçettino daha öncə PSJ, “Tottenhem”, “Sauthempton”, “Espanyol” kimi komandalara rəhbərlik edib. Onun hazırda “Mançester Yunayted”in sükanı arxasına keçəcəyi barədə xəbərlər dolaşmaqdadır. “Qırmızı şeytanlar”ın da Erik Ten Haqı istefaya göndərmək istədiyi barədə məlumatlar var.


