“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalı ərəfəsində açıqlama verib, rəqibi qiymətləndirib, bəzi xüsuslara toxunub.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir.
Xatırladaq ki, “Real” həlledici oyunda Almaniya təmsilçisi Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
“Biz Dortmund “Borussiya”sının nə demək olduğunu çox yaxşı başa düşürük, onların təcrübəsi var və onlar layiqli komandadırlar. Finala ən yaxşı iki komanda yüksəlibmi? Bəli, hələ bitməmişik, məzuniyyətdə deyilik. Digərləri isə artıq tətildədirlər və televizorda baxacaqlar.
İstərdim ki, oyunun bütün baxışlarında hazır olaq. Onlar keçiddə çox yaxşıdırlar, Sanço, Adeyemi ilə… Onlar bizim kimi deyillər, amma yaxşı bacara biləcəkləri xüsusiyyətləri var. Onların güclü müdafiə xətti var. Rəqabətli oyun olacaq”, deyə italyan mütəxəssis rəqibi qiymətləndirib.
“Biz favorit olduğumuzu düşünmürük. PSJ və Madrid “Atletiko”sunu məğlub edərək çox yaxşı nəticə göstəmiş komandaya qarşı oynamalıyıq. Onlar bağlılıq və yatım göstərdilər. Bütün finallarda olduğu kimi, əziyyət çəkib mübarizə aparmalı olacağıq.
Bu, keyfiyyətli komanda və təcrübəli oyunçulardır. Ən çox bəyəndiyim isə PSJ-yə qarşı döyüş ruhu idi. Finala çıxmaq istəyi… Bizi ən çox narahat edən də budur”, deyə Ançelotti rəqibin əhval-ruhiyyəsinin aşkar mübarizəyə köklənəcəyinə toxunub.
İtalyan mütəxəssis bu final oyununun “qaymaqlılar”ın alman mərkəz yarımmüdafiəçisi, daha əvvəl bu oyunla da “Real”da və AÇ-2024-dən sonra futbolçu karyerasına xitam verəcəyini açıqlamış Toni Kroos üçün vacibliyindən söhbət açıb:
“Ümidvaram ki, o, karyerasını Çempionlar Liqasında qələbə ilə başa vura bilər. Fərdi səviyyədə o, buna layiqdir. Amma Çempionlar Liqası ilə onun karyerası əvvəlkindən daha böyük olmayacaq. Başqa qənimət onu Madrid tarixinə yazmayacaq, o, artıq bunu edib. Əlbəttə ki, kuboku qazanmaq fantastik olardı, amma o, artıq dünya futbol tarixinə düşüb”, deyə italyan mütəxəssis vurğulayıb.
“Kim oynayacaq desəm, mübahisə bitərmi?”
Yekunda Karlo Ançelotti “Real”ın qapısını kimin qoruyacağı ilə bağlı suala aydınlıq gətirib.
Xatırladaq ki, “qaymaqlılar”ın belçikalı qapıçısı Tibo Kurtua zədədən sağalaraq meydana qayıdıb və fianl oyununda “Rea”ın qapısını qorumağa iddialıdır. Amma mövsüm boyu belçikalı qapıçını əvəzləyərək öz iddiasını ortaya qoymuş ukraynalı qapıçı Andrey Lunin də Çempionlar Liqasının final oyununda meydana çıxmaq əzmindədir:
“Bu çətin qərardır, çünki həm o, həm də Lunin finalda oynamağa layiqdirlər. Bir çox səbəblərə görə. Luninin qızdırması var. Kurtua dünyanın ən yaxşısıdır. Mübahisələrdən çox zövq alıram, xüsusən bu həftə heç bir işim olmadığı zaman (gülür). Kim oynayacaq desəm, mübahisə bitərmi? Mən qərar verəcəyəm. Şübhə yoxdur: biri oynayacaq, digəri ehtiyat oyunçular skamyasında qalacaq. Kepa da oradadır və o qədər də oynamasa da, o, vacib idi”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


