“Liverpul”un yeni baş məşqçisi Arne Slot “qırmızılar”ı qəbul edərək, komandanın sükanı arxasında işinə başlayıb.
Arena.az bu barərə “Liverpul”un mətbuat xidmətinə istinadən məlumat verir.
45 yaşlı niderlandlı mütəxəssis 9 ilini klubda keçirmiş alman mütəxəssis Yurgen Klopun gedişindən sonra artıq mövsümöncəsi məşqdə iştirak edib və iyulda komanda ilə ABŞ-a 3 oyunluq səfərə çıxacaq.
Arne Slot “Liverpul”a qədər, 2021-ci ilin iyul ayından “Feyenoord”a çalışdırırdı. “Feyenoord” niderlandlı mütəxəssisin rəhbərliyi altında bütün yarışlarda 148 oyuna çıxıb, 97 qələbə, 27 heç-heçə və 24 məğlubiyyət yaşayıb. Rotterdamlıların top fərqi isə 346:156 nisbətindədir. Slot “Feyenoord”a Niderland Eredivizisini (2022/2023) və Niderland Kubokunu (2023/2024) qazandırıb.
Daha əvvəl mətbuatda, Arne Slotun “Liverpul”la müddəti 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə xəbərlər yayılmışdı. Eyni zamanda, İngiltərə klubu niderlandlı mütəxəssis müqabilində “Feyenoord”a təzminat haqqı olaraq 13-15 milyon avro məbləğ civarında ödəniş edəcək.


