AÇ-2025: Azərbaycan millisi Türkiyəni qəbul edir

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv doğma meydanda Türkiyə yığması ilə üz-üzə gələcək.

B Liqasının 1-ci qrupu çərçivəsində Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək görüşün start fiti saat 19:00-da səsləndiriləcək. Qarşılaşmanı danmarkalı hakimlər briqadası idarə edəcək.

Qrupun digər matçında İsveçrə yığması Macarıstan millisinin qonağı olacaq. Bu görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda isə komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə millisi isə səfərdə İsveçrəyə 1:3 uduzsa da, evdə Macarıstanı 2:1 hesabıyla üstələyib.

Bir neçə gün öncə millimiz Türkiyə yığması ilə səfərdə qarşılaşmışdı. Yığmamız bu görüşdə penaltidən buraxdığı yeganə qolla məğlubiyyətə üzülmüşdü – 0:1. Bu üzdən də Siyasət Əsgərovun çalışdırdığı kollektiv doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Hazırda 1-ci qrupda İsveçrə 9 xalla vahid liderdir. Türkiyə yığmasının 6, Macarıstan və Azərbaycan yığmalarının hərəyə 1 xalı var.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
4 iyun

19:00. Azərbaycan – Türkiyə
Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Mərdəkan, “Dalğa Arena”.

Xal: İsveçrə – 9. Türkiyə – 6. Macarıstan – 1. Azərbaycan – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: