Argentinalı mütəxəssis Maurisio Poçettino “Çelsi”dən istefaya göndərilməsindən iki həftə sonra klub rəhbərliyi və azarkeşlərə müraciət edib.
Arena.az məlumat verir ki, “Poç” bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı dərc edib:
“Sahiblərə və idman direktorlarına: Biz bu böyük “Çelsi” klubunun bir hissəsi olaraq Premyer Liqaya qayıtmaq fürsətinə görə minnətdarıq. Bizə verdiyiniz dəstəyə görə təşəkkür edirik. Həmçinin bütün oyunçulara, heyətə və azarkeşlərə – təşəkkür edirəm.
Biz bu futbol klubunun sizin üçün nə qədər vacib olduğunu bilirdik və buna görə də fəxr edə biləcəyiniz bir “Çelsi” ərsəyə gətirmək üçün çox çalışdıq. Komandanın əldə etdiyi səviyyədən, oyunçuların və heyətin isə öz ölçülərini yüksəltmək üçün nə qədər səy göstərməsindən çox məmnunam. Onlar böyük tərifə layiqdirlər və ümidvaram ki, siz də meydandakı çıxışlarında bunu hiss etdiniz.
Bilirik ki, eniş-yoxuşlarımız olub, amma biz həmişə bu komandaya və sabit səviyyəyə çatacağımıza inanmışıq. İnanıram ki, bu mövsümün təcrübəsi və gördüyümüz böyük irəliləyişlər futbolçuları gələcəkdə daha da gücləndirəcək. Onlarla işləmək çox xoş idi və biz bu il birlikdə işlədiyimiz müddətdə yaratdığımız güclü əlaqələri qiymətləndiririk.
Ümid edirəm ki, siz əla bir yay fəsli keçirərsiniz. Sizi möhkəm qucaqlayırıq”, – Poçettinonun müraciətində deyilir.
Xatırladaq ki, may ayının 21-də argentinalı mütəxəssis və “zadəganlar”ın rəhbərliyi qarşılıqlı razılıq əsasında əməkdaşlıq müqaviləsinə xitam verməyə razılaşıblar.
Maurisio Poçettino “Çelsi”nin baş məşqçisi vəzifəsinə 2023-cü ilin yayında təyin edilmişdi. Bu müddət ərzində “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 51 oyuna çıxıblar. “Çelsi” bu oyunların 27-də qalib gəlib, 10 heçə-heçə edib, 14 dəfə məğlub olub. Komandanın top fərqi isə 107:76 nisbətindədir.
Vurğulayaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etməyib.
“Çelsi” 2023/2024-cü illər İngiltərə Premyer Liqasını 63 xalla 6-cı pillədə başa vuraraq, növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıb.
“Çelsi” həmçinin İngiltərə Liqa Kubokunun finalçısı olub və burada “Liverpul”a 0:1 hesabı ilə məğlub olub.
İngiltərə Kubokunda isə “zadəganlar” mübarizəyə yarımfinal mərhələsində, “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olaraq xitam veriblər.


