İtaliyanın nüfuzlu “idman üçlüyü” nəşrlərindən “Corriere dello Sport” dərgisinin direktoru İvan Dzatssaroni İtaliya yığmasını tənqid edib.
Arena.az məlumat verir ki, nəşrin direktoru elə, öz dərgisi üzərindən fikirlərini ifadə edib:
“İndi AÇ-2024-ün ilk oyunundan sonra başa düşürəm ki, İtaliya yığması mazoxizm universitetinə çevrilib. Onilliklər ərzində biz istedadlı uşaqlara beynəlxalq səviyyədə parlamaq imkanı verməmişik, özümüzü cəfəng təəssüf və vədlərlə susdururuq, eyni zamanda rəqiblərimizin güclənməsinə imkan veririk”, deyə Dzatssaroni bildirib.
Xatırladaq ki, AÇ-2024-ün 1-ci turu çərçivəsində “skuadra adzurra” Albaniya yığması üzərində 2:1 hesablı çətin əzmkar qələbə qazanıb. Albaniya yığması oyunun 23-cü saniyəsəində qol vuraraq Avropa çempionatlarının tarixi rekordunu müəyyənləşdirsə də, İtaliya yığması oyunda vacib olana – qələbəyə nail ola bilib.
Bununla belə, cari Avropa çempionu adını daşıyan İtaliya yığmasının oyunu və nəticə, göründüyü kimi, birmənalı qarşılanmayıb.



