Bu yaxınlarda karyerasını başa vurmuş, İspaniya yığmasının keçmiş futbolçusu Tyaqo Alkantara “Barselona”nın məşqçilər heyətinə qoşulub.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 33 yaşlı veteran futbolçu “Barselona”nın baş məşqçi Hansi Fliklə təcrübə qazanacaq və komanda ilə birlikdə Amerika Birləşmiş Ştatları turuna gedəcək.
Xatırladaq ki, cari ilin iyul ayının 8-də İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi Tyaqo Alkantara futbolçu karyerasını başa vurduğunu sosial şəbəkələr üzərindən bəyan etmişdi.
Tyaqo Alkantara “Barselona” futbol akademiyasının yetirməsidir. Bir müddət “Bayern”də çıxış etmiş yarımmüdafiəçini “Liverpul” 2020-ci ilin sentyabrında 22 milyon avro məbləğində öz heyətinə qatıb. Zədədən əziyyət çəkən yarımmüdafiəçi 2022/2023 mövsümündə cəmi 1 oyunda “qırmızılar”ın heyətində meydana çıxıb, məhsudar fəaliyyəti ilə diqqət çəkməyib. Bu üzdən də o, mövsüm bitən kimi – 2023-cü ilin yayında “Liverpul”dan ayrılmışdı. Həmin vaxtdan klubsuz olan futbolçu karyerasını məhz bu yay bitirməyə qərar verib.
Ümumilikdə Alkantara “Liverpul” üçün 98 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə verib.
Alkantara “Liverpul”la İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu və İngiltərə Super Kubokunu qazanıb. Həmçinin ispaniyalı yarımmüdafiəçi “qırmızılar”la Çempionlar Liqasının finalçısı olub.
İspaniyalı futbolçu “Barselona” və “Bayern”lə də çoxsaylı titullar qazanıb. O, bu klubların hərəsi ilə bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 7 dəfə Almaniya, 4 dəfə İspaniya çempionu olmuş Tyaqo, kubok və superkuboklarda da qələbə sevinci yaşayıb.
Tyaqo Alkantara 2011-ci ilin avqustunda debüt etdiyi İspaniya yığmasının heyətində 46 oyun keçirib, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.


