İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq geridə qalmış 2023/2024 mövsümünü qiymətləndirib.
Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən öz işimi bitirib sadəcə məzuniyyətə çıxdım. Yeni mövsüm üçün son hazırlığı peşəkarcasına tamamlamışıq. Sonra isə, çox çətin mövsüm keçirdiyim üçün vəziyyətdən uzaq idim. Bu, indiyə qədər məşqçi kimi yaşadığım ən çətin mövsüm idi”, deyə Ten Haq vurğulayıb.
Erik ten Haq İngiltərə klubundakı gələcəyi barədə də danışıb:
“Əgər “Mançester Yunayted” sabah məndən daha yaxşı olduğunu düşündükləri birini tapsa, mən ayrılacağam. Hər şey çox sadədir. Bunlar futbolda hörmət edilməli olan işlək mexanizmlərdir. Belə bir klubda, qalib gəlməsəniz, fəsadlar içində olduğunuz açıq-aydındır”.
Xatırladaq ki, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər artırdığını rəsmən açıqlayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.
Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.
Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”ə rəhbərlik edir. O, “qırmızı şeytanlar”ı indiyə qədər 114 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət görüb.
Niderlandlı mütəxəssis daha öncə “Ayaks”, “Utrext”, “Qo Ehed İqls” kimi komandalarda da baş məşqçi kimi çalışıb.


