Erik ten Haq MY-nin transfer bazarındakı fəaliyyətini qiymətləndirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın transfer bazarındakı işini müsbət qiymətləndirib.

Arena.az “Reuters” agentliyinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini tədim edir:

“Çox yaxşı ki, tez hərəkət edirik və çox fəalıq. Hazırda rəhbərlik əla iş görür. Biz “Mançester Yunayted”in məhz belə işləməsini istəyirik. Biz son dərəcə iddialıyıq, oyunçuların alınmasında ön sıralarda və mövsümə hazır olmalıyıq. Oyunçuları nə qədər tez əldə etsək, bir o qədər tez komanda qura bilərik”, deyə Ten haq vurğulayıb.

Xatırladaq ki, İngiltərə nəhəngi “Lill”dən fransalı mərkəz müdafiəçisi Leni Yoronu və “Bolonya”dan niderlandlı mərkəz hücumçusu Coşua Zirkzeni heyətinə qatıb. Hər iki futbolçunun perspektivli olduğu vurğulanır.

Xatırladaq ki, Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”ə rəhbərlik edir. O, “qırmızı şeytanlar”ı indiyə qədər 114 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət görüb. Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər artırdığını açıqlayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Niderlandlı mütəxəssis daha öncə “Ayaks”, “Utrext”, “Qo Ehed İqls” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: