Uelsin “Reksem” klubunun həmsahibi, məşhur aktyor Rayan Reynolds “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salahı öz klubuna dəvət edib.
Arena.az məlumat verir ki, Rayan Reynolds bu barədə İngiltərə Premyer Liqasının sosial şəbəkə hesabı üzrəindən paylaşdığı videomüraciətində bildirib:
“Mo”, səni Şimali Uelsdəki “Reyskors Qraund”da hərarətlə qarşılayarlar. Bu haqda düşün”, – Reynoldsun dəvətində deyilir.
Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 44 oyuna 25 qol vurub, 14 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 349 oyun, 211 qol, 89 məhsuldar ötürmə.
Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 98 oyun keçirib, 55 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


