Vataru Endo: “Liverpul” Məhəmməd Salah üçün əvəz axtarır”

“Liverpul”un dayaq yarımmüdafiəçisi Vataru Endo bildirib ki, İngiltərə klubu 32 yaşlı misirli hücumçusu Məhəmməd Salah üçün əvəz axtarır.

Arena.az yapon futbolçunun bu barədə sözlərini təqdim edir:

“Məhəmməd Salahın yerinə namizəd axtarışına başlanılıb. “Liverpul” bu mövqedəki boşluğu doldurmalı olacaq. Düşünürəm ki, Takefusa Kubodan başqa heç kim Salahı əvəz edə bilməz”, deyə Vataru Endo hazırda “Real Sosyedad”da forma geyinən həmyerlisi haqda bildirib.

Daha əvvəl mətbuatda, Səudiyyə Ərəbistanı klublarının misirli hücumçunun xidmətində maraqlı olduğu barədə məlumat yayılmışdı.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 44 oyuna 25 qol vurub, 14 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 349 oyun, 211 qol, 89 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 98 oyun keçirib, 55 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: