Madrid “Real”ının baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti gələcək karyerası ilə bağlı fikirlərini paylaşıb.
Arena.az ESPN portalının “Obi One” podkastına istinadı əsasında, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Düşünürəm ki, “Real” mənim karyeramdakı son klubum olacaq. Milli komanda çalışdırmaq imkanından xəbərsizəm. Milli komanda fikrini heç sevmirəm, çünki bu, ən çox zövq aldığım məqamı – gündəlik işimi itirəcəyim deməkdir. Mən gördüyüm işi həqiqətən sevirəm.
Bu, mənim məşqçi kimi 29-cu mövsümümdür. Düzdür, çox qənimətlər qazanmışam, amma təsəvvür edin ki, nə qədərini də itirmişəm”, deyə Karlo Ançelotti vurğulayıb.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.


