Ançelotti Arrisabalaqanın “Real”a mümkün keçidi haqda danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Çelsi”nin ispan qapıçısı Kepa Arrisabalaqanın Madrid klubuna mümkün keçidi haqda danışıb.

Arena.az xatırladır ki, Kepa ötən mövsümü icarə əsasında qaymaqlıların heyətində keçirib, amma rəqabəti “Real”ın ukraynal qapıçısı Andrey Luninə uduzub.

“Biz onu sevirik. Biz onu sevirik… amma bu mövqedə biz tamamıq. Kepa ötən mövsüm çox yaxşı çıxış edib. Onun varlığına çox şad idik, amma bu mövsüm nə olacağını bilmirəm”, – Ançelotti Ben Ceykobsa açıqlamasında bildirib.

Hazırda “Real”ın “çərçivə”sində belçikalı qapıçı Tibo Kurtua söz sahibidir. Ukraynalı qapıçı Andrey Lunin isə ehtiyat qapıçıdır. Vurğulayaq ki, Lunin ehtiyat qapıçı rolu ilə razılaşmır və daimi əsasda oynamaq niyyətindədir.

“Real” Kepa Arrisabalaqanı 2023-cü ilin avqustunda bir mövsümlük icarəyə götürmüşdü. Geridə qalmış mövsümdə Kepa “qaymaqlılar”ın heyətində 20 oyuna çıxıb, 18 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib.

Kepa “Real”la icarə müqaviləsinin müddəti bitdiyi üçün “Çelsi”yə qayıtsa da, qapıçının gələcək aqibəti, göründüyü kimi, qeyri-müəyyəndir. Kepanın “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan qapıçının “zadəganlar”ın heyətində çıxışı isə 163 oyun, 175 buraxılmış qol və 59 “quru” oyundan ibarətdir.

Kepa əvvəllər Bilbao “Atletik”i, “Valyadolid”, “Ponferradina”nın qapısını qotuyub.

Kepa Arrisabalaqa 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib, 6 dəfə “dəlinib”, 8 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 29 yaşlı ispan qapıçının transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: