İngiltərə çempionu “Mançester Siti”nin braziliyalı hücumçusu Savinyo “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola haqda danışıb.
Arena.az braziliyalı futbolçunun bu haqda fikrini təqdim edir:
“Gecə-gündüz çalışmalıyam, qərarı isə qoy “Pep” versin. Qvardiolanın baş məşqçim olmağını xəyal edirdim. Bunu yaşayan hər kəs çox şey öyrənir. Bu, sizi futbolda daha da zəkalı edir. O, həmişə mənim arzum olub, indi isə onunla çalışmaq imkanım var”, deyə Savio bildirib.
Xatırladaq ki, Braziliya millisinin sağ vingeri bir neçə gün öncə “Mançester Siti” ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb. O, yeni komandasının heyətində 26 nömrəli formanı geyinəcək. 20 yaşlı vingerin transferi İngiltərə nəhənginə 25 milyon avroya başa gəlib.
Savinyo Braziliyanın “Atletiko Mineyro” klubunun yetirməsidir. O, 2022-ci ilin iyul ayında 6,5 milyon avro qarşılığında “Trua”ya keçsə də, Fransa klubunun heyətində 1 oyuna da çıxmayıb. Çünki vinger 2022/2023 mövsümünü Niderlandın PSV, 2023/2024 mövsümünü isə İspaniyanın “Jirona” klubunda icarədə keçirib.
Savio Moreyra de Oliveyra ötən mövsüm “Jirona”nın heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda vurduğu 11 qol və müəllifi olduğu 10 məhsuldar ötürmə ilə Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşməyi bacarmışdı.
Braziliyanın U-16, U-18, U-20 yığmalarında da oynamış gənc yarımmüdafiəçi bu ilin martında əsas millidə debüt edib. Savinyo Braziliya yığmasının heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.


