“Arsenal” baş məşqçisi Mikel Arteta yay transfer pəncərəsi bağlanana qədər yeni satınalmalar edib-etməyəcəkləri haqda sualı cavablayıb.
Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mövsümün başa çatmasından sonra əsas məqsəd oyunçulara inam və hörmətimizi təmin etmək idi. Ancaq bazarda hələ də heyəti gücləndirmək üçün seçimlər varsa, əladır. Biz onlara baxacağıq.
“Arsenal”dan kimsə gedəcəkmi? Bazar açıqdır və hər şey ola bilər”, deyə Arteta vurğulayıb.
Xatırladaq ki, “Arsenal” 2023/2024-cü illər mövsümünü İngiltərə Premyer Liqasının gümüş mükafatçısı olaraq başa vurub. “Topçular” 2022/2023-cü illər mövsümünü də Premyer Liqanın 2-ci pilləsində bitirmişdilər.
“Mançester Siti” isə ardıcıl dördüncü mövsümdə İngiltərə Premyer Liqasının çempionluğunu qazanıb və bu, yarışın tarixində mütləq rekorddur.
Mikel Arteta “Arsenal”ı 2019-cu ilin dekabr ayından çalışdırır. Bu müddətdə ispan mütəxəssis “topçular”ı dirçəldib və rəqabətəqadir, tərəqqi etməkdə olan kollektivə çevirə bilib. Artetanın “Arsenal”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan mütəxəssisin rəhbərliyi altında “Arsenal” 2019/2020-ci illər mövsümündə İngiltərə Kubokunu və 2 dəfə İngiltərə Super Kubokunu (2020, 2023) qazanıb.
Vurğulayaq ki, “Arsenal” 42 yaşlı Mikel Artetanın məşqçilik karyerasında ilk komandadır. İspan mütəxəssis indiyə qədər “topçular”ı 231 “döyüş”ə çıxarıb. 140 qələbə qazanmış “Arsenal” 34 heç-heçə edib və 57 məğlubiyyət acısı yaşayıb.


