Karlo Ançelotti: “Bu, şən çempionat olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının yeni mövsümündə ölkə çempionu adını qorumaq iddiaları ilə bağlı sualı cavablayıb.

Arena.az italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“La Liqa çempionu adı uğrunda bütün komandalarla rəqabət aparmaq gərək olacaq. Bundan əlavə, “Barselona” və “Atletiko” çox gücləniblər. Biz çempionluq uğrunda mübarizə aparmalı olacağıq. Bu, şən çempionat olacaq”.

Xatırladaq ki, Karlo Ançelotti “Real”ın sükanı arxasında ikinci dönəmini keçirir. 65 yaşlı italyan mütəxəssisin Madrid klubu ilə ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır.

Ançelotti “Real”ı indiyə qədər bütövlükdə 292 oyuna çıxarıb. Madrid nəhəngi bu görüşlərdə 212 qələbə qazanıb, 41 heç-heçə edib, 39 məğlubiyyətə üzülüb.

Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 2023/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: