Azərbaycan şahmatçıları Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Yarışda 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaqlar.
Qitə çempionatında ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, o cümlədən Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri iştirak edəcəklər. Ümumilikdə, Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq.
Qeyd edək ki, avqustun 22-də başlayacaq nüfuzlu yarışa ayın 31-də yekun vurulacaq.


