“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in 115 mailyyə pozuntusunda ittiham edilməsinə dair fikrini açıqlayıb.
Arena.az xatırladır ki, 2023-cü ilin fevralında İngiltərə Premyer Liqası “Mançester Siti”ni 2009/2010-cu illər mövsümündən 2017/2018-ci illər mövsümünə qədər müddətdə müxtəlif maliyyə qaydalarını pozmaqda ittiham etmişdi.
“Daily Mail” nəşri “Pep”in bu barədə düşüncələrini belə çatdırıb:
“Mən bu işin baxışdan keçirilməsinin tezliklə başlamasına şadam. Ümidvaram ki, bu, tezliklə hamımızın, xüsusən də klubun, eyni zamanda digər Premyer Liqa klublarının və hökmü gözləməyən bütün insanların xeyrinə başa çatacaq.
Qəlbimin dərinliklərində mən arzu edirəm ki, biz artıq məhkəməyə başlayaq və müstəqil komissiya baş verənləri ictimaiyyətə mümkün qədər tez açıqlasın”, – deyə Qvardiola bildirib.
Bundan əvvəl mətbuatda, “Mançester Siti”nin qanun pozuntularını araşdırmaq üçün müstəqil komissiyanın cari ilin sentyabr ayının ortalarında və ya sonunda işə başlayacağı barədə məlumat yayılıb.
Xatırladaq ki, “Mançester Siti” son illərdə İngiltərə Premyer Liqasının dəyişməz çempionudur. “Şəhərlilər” ardıcıl 4 dəfə çempion olmaqla yeni rekorda da imza atıblar.
Qvardiolanın komandası yeni mövsümə də uğurlu başlayıb. 2024/2025 mövsümündə 2 turdan sonra 6 xal toplamış “şəhərlilər” zirvədə qərarlaşıblar. Mançester klubu bu mövsüm də Premyer Liqanın əsas favoriti hesab olunur.


