“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın azarkeşləri tərəfindən “Enfild” stadionunda qarşılanmasından doğan duyğularını paylaşıb.
Arena.az xatırladır ki, Slotun “Enfild”də debütü İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində “Brentford”la oyuna (2:0) təsadüf edib.
“Azarkeşlərin qəbulu, AXA (klubun məşq mərkəzi – redaktorun qeydi) və ətrafındakı bütün insanlardan, həmçinin “Liverpul”da işləyən insanlardan aldığım qəbula bənzəyirdi. Mən bütün çalışdırıcıların adından danışa bilmərəm, amma düşünürəm ki, onlar sizə də eynisini söyləyərdilər: buraya gəlmiş hər bir çalışdırıcı bu klubun istiliyini hiss edir, azarkeşlərin təqdirini hiss edir, bizim üçün ən vacib məqam isə budur. Biz, çalışdırıcılar kimi komandanın azarkeşlərin bəyəndiyi üslubda oynadığından əmin olmalıyıq. Biz bunu etməyə çalışırıq və düşünürəm ki, uşaqlar bunu göstərdilər. Hesab edirəm ki, azarkeşlər də buna öz minnətdarlıqlarını nümayış etdirdilər”, deyə Slot vurğulayıb.
Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 45 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.


