Peşəkar Futbolçular Assosiasiyası (PFA) oyunçuları əsas komanda ilə məşqlərdən kütləvi kənarlaşdırdığı üçün “Çelsi”ni cəzalandırmaq istəyir.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, qurum bu məqsədlə, müvafiq işlərə yol vermiş klublara qarşı sərt tədbirlər tətbiq etmək təşəbbüsü ilə İngiltərə Premyer Liqası və FIFA qarşısında çıxış edir və müvafiq cəzanın “Çelsi”nin timsalında tətbiq edilməsinə çalışır.
Vurğulanır ki, Peşəkar Futbolçular Assosiasiyası “Çelsi”dəki vəziyyətdən hiddətlidir. Assosiasiyanın bu xüsusda London klubuna yaxından diqqətinin ingilis vinger Rahim Sterlinqin əsas komanda ilə məşqlərdən kənarlaşdırılmasından sonra ortaya çıxdığı bildirilir. Bu, əvvəllər “zadəganlar”ın keçmiş yarımmüdafiəçisi Konor Qallaxerin, eləcə də hazırkı müdafiəçilər Trevo Çaloba və Bencamin Çiluelin də başına gətirilib.
PFA artıq bu futbolçularla əlaqə saxlayıb, onlara öz köməyini təklif edib.


