“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in düşərgəsində sərbəstlik və ünsiyyət tərəfdarı olduğunu etiraf edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis çalışdırdığı kollektivin münasibətdə sərbəst olmasının və oyunçuların bir-biri ilə daha çox ünsiyyət qurmasının tərəfdarıdır:
“Oyunlara gedərkən heyətlə birlikdə olmağı, oyunçuları isə narahat etməməyi üstün tuturam, amma həmişə onları müşahidə edirəm. Onlar məni görmək istəmirlər, mən də onları görmək istəmirəm”, deyə “Pep” gülümsəyərək təbəssümlə bildirib.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 476 oyun keçiriblər, 353 qələbə qazanıblar, 57 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər.
Xosep Qvardiolanı müasir “Mançester Siti”nin memarı hesab etmək olar. Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.


