“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda keçirilmiş “İnter”lə oyunu şərh edib.
Arena.az xəbər verir ki, ispan mütəxəssis qolsuz bitən qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İnter” əntiqə komandadır, əks-hücumlarda əla oynayır və mükəmməl müdafiə olunur. Bizim komandamızda isə hər şeyi bəyəndim, çünki necə bir komanda ilə qarşılaşdığımızı bilirəm. “İnter” təsadüfən İtaliya çempionu olmayıb. Biz 2023-cü ildə İstanbuldakı Çempionlar Liqasının finalında olduğundan daha yaxşı oynadıq, dörd-beş qol fürsəti yaratdıq. Bu səviyyədə belə komandalara qarşı daha artığını gözləmək olmaz”, deyə Qvardiola vurğulayıb.
“Mançester Siti”nin baş məşqçisi “İnter”lə oyunun (0:0) fasiləsində, belçikalı yarımmüdafiəçi Kevin De Bröyneni əvəzləməsini də əsaslandırıb:
“O, zədəlidir. Cümə axşamı onun vəziyyəti haqqında daha çox məlumat alacağam. “Arsenal”la oyuna qədər qayıdışımı? Görək, sabah nə olacaq”.
Xosep Qvardiola “şəhərlilər”in norveçli qolçusu Erlinq Halandın “İnter”ə qol vura bilməməsini də əsaslandırıb:
“Onu altı oyunçu əhatə edirdi: üçü arxadan, üçü isə qabaqdan. Bu, istənilən oyunçu üçün işləri çətinləşdirir. Açerbi, Bastoni ondan beşcə metr aralıda, Çalhanoğlu və Zelinski isə onun qarşısında idilər. Bu, çətindir. Biz boş bölgələrdən istifadə etməyə çalışdıq, məhz buna görə də Gündoğanın bir neçə fürsəti oldu, amma “İnter” bizi fiziki cəhətdən üstələdi. Bizə Erlinqin yanında daha çox oyunçu yerləşdirmək gərək idi və biz bunu etdik. Mən bilirdim ki, “İnter” məhz belə müdafiə olunacaq”.
Hərəyə 1 xal qazanmıış “Mançester Siti” və “İnter” ümumi mərhələnin yarış cədvəlində ələmə mərhələsinə vəsiqə verən, müvafiq olaraq 11-ci və 12-ci yerlərdə qərarlaşıblar.


