İngiltərə Premyer Liqasının 7-ci turunun “Kristal Pelas”la səfər oyunu “Liverpul”un baş məşqçisi Arne Slot üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “qırmızılar”ın 1:0 hesabı ilə qələbə qazandığı oyunda Slot “Liverpul”un sükanı arxasında keçirdiyi 10-cu oyununda 9-cu qələbəsini rəsmiləşdirib.
Beləliklə, Slot “Liverpul”da daha əvvəl müəyyən etdiyi bütün zamanların məşqçilik rekordunu yaxşılaşdırıb. İndi niderlandlı mütəxəssisin hesabında İngiltərə Premyer Liqasının ilk 7 turunda 6 qələbə, Çempionlar Liqasının ilk 2 turunda 2 qələbə və İngiltərə Liqa Kubokunda keçirdiyi ilk oyunda 1 qələbə var. Slot “Liverpul”la cəmi 1 oyunda məğlub olub, bu, Premyer Liqa çərçivəsində “Nottingem Forest”lə ev oyununa (0:1) təsadüf edib.
7 turdan sonra 18 xal toplamış “Liverpul” Premyer Liqanın yarış cədvəlində zirvədə qərarlaşıb.
Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 46 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.


