“Mançester Yunayted”lə bağlı daha bir qalmaqal

Qara günlərini yaşayan İngiltərə nəhəngi “Mançester Yunayted”in düşərgəsi orta əsrlərin karvansarayına çevrilib.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, “Aston Villa” ilə “Villa Park”da keçirilmiş İngiltərə Premyer Liqanın 7-ci turunun səfər oyunundan (0:0) əvvəl, prankerlərdən biri “qırmızı şeytanlar”ın paltardəyişmə otağına aldatma yolu ilə soxulub və orada xəlvəti dinləyici qurğu quraşdırıb.

Mənbənin məlumatına görə, pranker qonaq komandanın azarkeşi olub və onun, müvafiq əməli törətməkdə heç bir qərəzli niyyəti olmayıb. Paltardəyişmə otağından alınmış səs yazısında mankunianlıların niderlandlı baş məşqçisi Erik ten Haqın futbolçularına verdiyi göstərişlərin qeydə alındığı vurğulanır. Amma mənbə bu səs yazısının təfərrüatını açıqlamaqdan imtina edib.

Üstəlik, “Mançester Yunayted”in mühafizə xidmətinin hara baxdığı, nə işlə məşğul olduğu da qınağa çevrilib. Belə ki, mətbuatda İngiltərə nəhənginin düşərgəsində heç bir yüksək səviyyəli ölçülərin olmadığı, klubun da elə, komanda kimi bərbad gündə olduğu haqda fikirlər yayılmağa başlayıb.

Əlavə edək ki, bütün bu hadisələr, “qırmızı şeytanlar”ın çalışdırıcısı Erik ten Haqın istefaya göndərilə biləcəyi mənzərəsində cərəyan edir.

Xatırladaq ki, 7 turdan 8 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər. Bu, Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: