“Çelsi” “zadəganlar”ın ev stadionu “Stemford Bric”də qalmaq və arenanın tamaşaçı tutumunu 55000 nəfərə çatdırmaq niyyətindədir.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Daha əvvəl, paytaxt klubunun Erls-Kortda – Londondakı Britaniya sərgi və idman mərkəzi, Kensinqton və Çelsi mahalında, “Erls-Kort” və “Vest Brompton” metro stansiyalarının yaxınlığındakı ərazidə stadion inşa etmək niyyətində olduğu haqda məlumat yayılmışdı.
Bununla belə, “Çelsi”nin “Stemford Bric”də yenidənqurma aparması, klubun ortaq sahibi Todd Boulinin direktorlar şurasında yer uğrunda mübarizəni Behdad Eqbaliyə uduzacağı halda mümkün olacaq.
Belə ki, Bouli “Çelsi”nin yeni stadion inşa etməsini – “Erls-Kort”da 60000 nəfərlik arenaya köçməsini üstün tuturdu. Bununla belə, Eqbali 40000 tamaşaçı tutumuna malik “Stemford Bric” stadionunun yenidən qurulmasının tərəfdarıdır.
Təklif edilən “Erls-Kort” layihəsi getdikcə çətin göründüyü halda, hazırda cütlük bir-birinin klubdakı səhm payını satın alaraq, “zadəganlar”ın vahid sahibinə çevrilmək istəyir.
Qeyd edək ki, paytaxt təmsilçisi İngiltərə Premyer Liqasının cari mövsümünə heç də pis başlamayıb. “Zadəganlar” 7 oyuna topladıqları 14 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar. Entso Mareskanın çalışdırdığı komanda 7 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.


