Kevin De Bröyne zədədən sağaldı, sıraya döndü

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne zədəsini sağaldıb və komanda ilə ümumi dəstədə məşqlərə qayıdıb.

Arena.az bu barədə “Mançester Siti”nin mətbuat xidmətinə istinadən məlumat verir:

“Geri dönüşün xoş olsun”, – “şəhərlilər”in mətbuat xidməti klubun rəsmi sosial şəbəkə hesabarı üzərindən belçikalı futbolçunun məşqdən şəklini paylaşaraq, şərh edib.

Xatırladaq ki, De Bröyne sentyabrın 18-də Çempionlar Liqasında “İnter”lə oyunda əzələsindən zədə alıb, futbolçu o vaxtdan meydanda olmayıb.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı futbolçu ötən mövsüm meydana qayıtdıqdan sonra “Mançester Siti”nin heyətində 26 oyuna 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Yenicə başlamış cari mövsümdə isə Kevin “Mançester Siti” üçün 6 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröyne “şəhərlilər”in heyətində ümumilikdə 388 oyun keçirib, 103 qol və 171 məhsuldar ötürmə müəllifi olub.

Kevin 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 107 oyun keçirib, 30 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: