“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola milli komandalarda oynayarkən zədələnən futbolçular mövzusunda söhbət açıb.
Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən həmişə “Mançester Siti”nin oyunçularını milli komandalarına gəlməyə təşviq edirəm. Bu, zövqverici bir məqam olmalıdır. Amma futbolçu yoxlama görüşünə gəlsə, zədəli qayıda bilməz! Üzr istəyirəm, amma bu, belədir.
Klub bizə maaş verir. Özü də çox yaxşı maaş! Milli komandalar bunu etmirlər, ona görə də kluba hörmət etmək gərəkdir. Yoxlama görüşlərində zədə almaq olmaz. Əlbəttə, oynaya bilərsiniz. Ancaq zədə ilə geri qayıtmaq olmaz”, deyə Xosep Qvardiola vurğulayıb.
Əlavə edək ki, ifrat sıx oyun təqvimi mənzərəsində yığma komandaların təlim-məşq toplanışları zamanı beynəlxalq fasilə müddətində, klublardan yığmalara yollanan oyunçular arasında fəal yorğunluq müşahidə edilir. Bu isə futbolçuların əksər zədələrinin milli yığma komandaların düşərgəsində almasına gətirib çıxarır. Son illərdə bu, artıq mütəmadi hala çevrilib. Fəsadın görünməyən hissəsi məhz futbol qurumlarının pul hərisliyi siyasətinə dayanır. Futbolçular və məşqçilər təqvim islahatlarının tərəfdarıdırlar ki, gərəksiz oyunlar nəticəsində zədəlilər artmasınlar.


