“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 11-ci turu çərçivəsində “Barselona”ya qarşı ev oyunu ərəfəsində xüsuslara toxunub.
Arena.az məlumat verir ki, “Real” və “Barselona” növbəti “el klasiko” çərçivəsndə bu gün, oktyabrın 26-da “Santyaqo Bernabeu”da üz-üzə gələcəklər.
“Onlarda hər şey çox yaxşı başa gəlir. “El klasiko” kimi oyunda favorit seçmək çox çətindir. Hazırda heç kim məni yuxudan məhrum etmir”, deyə Ançelotti əminliklə sözə başlayıb.
İtalyan mütəxəssis “qaymaqlılar”a əzəli rəqiblə oyuna ilhamlandırmaq üçün əlavə tədbirlərə əl atıb-atmayacağı ilə bağlı sualı cavablayıb:
“Adətən müvafiq səviyyəli oyunlardan əvvəl, çox söz deməyə gərək yoxdur. Fikrim oğlanlara sadə, çox sadə strategiyanı çatdırmaqdır. Elə, bu. Bu, oyunçularla çox danışmaq gərək olan bir oyun deyil. Mən oynayarkən çox narahat olardım. Bir dəfə Van Basten mənə dedi: “Özünə gəl, sakitləş, bu, çox sadədir. Topu mənə ver”. Və bu, saysız-hesabsız qədər işə yarayıb”.
İtalyan mütəxəssis, yayda “Barselona”nın sükanı arxasına keçmiş alman mütəxəssis Hans-Diter Flikin “blauqrana”ya hansı dəyişiklər gətirdiyi mövzusunda sulalı da cavablayaraq, fikrini bildirib:
“Flik fəlsəfəni azacıq dəyişdi. İndi “Barselona” fərqli, daha sadə oynayır. Mən onların işini müqayisə etmək istəmirəm, çünki Xavi də “Barsa”da əla iş görüb, amma özünəməxsus surətdə. Hazırkı “Barselona” komandası əladır. Xavinin komandasına hörmət etdiyimiz kimi, ona da hörmət edirik”.
İtalyan mütəxəssis “blauqrana”nın 17 yaşlı ispaniyalı cinah hücumçusu Lamin Yamal haqda da fikrini açıqlayıb:
“Real”ın Yamalı dayandırmaq üçün xüsusi bir planı varmı? O, karyerasına təsirli başlayıb. Onun oyununu və münasibətini çox bəyənirəm. O, çox təhlükəli oyunçudur, amma diqqətimizi görəcəyimiz işə cəmləməliyik. “Barsa”ya böyük hörmətimiz var, onlar çox yaxşı çıxış edirlər”, deyə Ançelotti dərinə getməyib.
Karlo Ançelotti Kilian Mbappedən razıdır: “O, özünü ən yaxşı tərəfdən göstərəcək”
İtalyan mütəxəssis ilk “el klasiko”su çərçivəsində meydana çıxacaq, “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin hazırlığı ilə bağlı da danışıb, ona müvafiq xüsusda heç bir məsləhət verməyə lüzum görmədiyini bildirib:
“Mən xüsusi bir şey deməzdim. O, hər şeyi özü mükəmməl başa düşür. Bundan əlavə, Kilian dəfələrlə “Barselona”ya qarşı çıxış edib.
O, öz keyfiyyətlərinə arxayındır. Sakitcə və hərtərəfli surətdə oyuna hazırlaşır. Düşünürəm ki, o, bu oyunda özünü ən yaxşı tərəfdən göstərəcək.
Kiliandan razıyıq, çünki o, qollar vurur. O, komanda üçün önəmlidir, Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə oyunda hər iki qolda fəal iştirak edib. Biz hadisələri tələsdirmirik – nə mən, nə komanda, nə də o. Mbappenin böyük zirvələrə çatacağı göz qabağındadır, çünki o, bunun üçün gərək olan bütün keyfiyyətlərə malikdir”, deyə Ançelotti vurğulayıb.
Həmçinin Ançelotti “el klasiko” ərəfəsində “qaymaqlılar”ın zədəli ingilis yarımmüdafiəçisi Cud Bellingemin vəziyyəti ilə bağlı məlumat verib:
“O, yaxşıdır, tərəqqi edir, topuğunda və çiynində fəsadları vardı, amma vəziyyəti yaxşıdır. O, bizim üçün çox vacib olan işə töhfə verir”, deyə italyan mütəxəssis vurğulayıb.
Xatırladaq ki, “Real” – “Barselona” oyunu ispan hakim Xose Sançes Martinesə həvalə edilib. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


