“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, “Pep” “Mançester Yunayted”dən “qımızı şeytanlar”ın uğursuz nəticələrinə görə qovulmuş niderlandlı mütəxəssis Erik ten Haqı “şəhərlilər”in düşərgəsində görməkdən şad olacağını bildirib:
“Biz Erikin səfərinə açığıq. İstənilən vaxt! Ciddiyəm! Biz həmişə açığıq, amma bunun baş verəcəyini düşünmürəm. Mən onun agentini azacıq tanıyıram. Odur ki, onun bizə buyurmasında bir fəsad yoxdur. Nə klub üçün, nə də şəxsən mənim üçün”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, “Mançester Yunayted”in Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə “Vest Hem”ə 1:2 hesablı məğlubiyyəti, klub rəhbərliyinin də səbrini tükədib. Nəticədə niderlandlı mütəxəssisin istefası barədə qərar qəbul edilib.
Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırırdı. Ten Haq “qırmızı şeytanlar”ı bütövlükdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Topların fərqi isə 234:180 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlamışdı. Halbuki, elə həmin dövrdə də niderlandlı məşqçinin işindən narazılıqlar vardı. Amma klub rəhbərliyi bu addımı ilə baş məşqçiyə dəstəyini nümayiş etdirmişdi. Göründüyü kimi, klub rəhbərliyinin Ten Haqa dəstəyi özünü doğrultmayıb, əksinə komandanı daha da geri salıb.
Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.


