Salahın açıqlaması “Liverpul” fanatlarını təşvişə saldı

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahın öz gələcəyi haqda açıqlaması “qırmızılar”ın azarkeşlərini üzüntüyə və təşvişə salıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, Salah, “Liverpul”un İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” üzərində 2:0 hesablı ev qələbəsinə məhsuldar ötürmə və penaltidən vurduğu qolla öz töhfəsini verdikdən sonra səsləndirdiyi fikirlə “qırmızılar”ın cəbhəsinə acı yaşadıb:

“Düzünü desəm, bu, mənim başımdadır. Bu, hazırda “Mançester Siti”yə qarşı “Liverpul” üçün oynadığım son oyunudur, ona görə də ondan həzz almaq istəyirdim. Ab-hava inanılmaz idi və mən buradakı hər andan zövq alıram. Ümidvaram ki, liqada qalib gələcəyik və sonra nə olacağını görəcəyik”, deyə Salah vurğulayıb.

Əlavə edək ki, “Liverpul” rəhbərliyi ilə Məhəmməd Salah arasında misirli ulduz hücumçunun müqaviləsinin yenilənməsinə dair danışıqlarda, tərəflər ortaq məxrəcdən hazırda uzaqdadırlar.
13 turdan 34 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızılar” ən yaxın izləyiciləri, hər biri 25 xal toplamış London nəhəngləri – “Arsenal” və “Çelsi”nin 9 xal qabaqlayırlar.

Salahın müvafiq açıqlamısı “Liverpul” azarkeşlərini pərişan edib. Belə ki, “qırmızılar”ın dəstək cəbhəsi müvafiq açıqlamanın kollektivdaxili sağlam ab-havaya təsirsiz ötüşməyəcəyindən ehtiyatlanır.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi.

Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 20 oyuna 13 qol vurub, 11 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 369 oyun, 224 qol, 100 məhsuldar ötürmə.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: