“Mançester Yunayted” idman geyimi və ayaqqabıları istehsalçısı “adidas” ilə nəhəng sponsorluq müqaviləsini itirə bilər.
Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.
İddiaya görə, bu, “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlanacağı halda baş verəcək.
Mənbənin məlumatına görə, ümumi məbləği 900 milyon funt-sterlinq (cari məzənnə ilə təxminən 1,088 milyard avro) məbləğində olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, şirkət, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, müqaviləni ləğv etmək hüququna malikdir. Bildirilir ki, “qırmızı şeytanlar” İngiltərə Çempionşipinə yuvarlansalar, “adidas”ın ikinci seçimi, illik ödənişləri iki dəfə azaldaraq 45 milyon funt-sterlinqə məbləğində müəyyən etməkdir.
İngiltərə Premyer Liqasının 19 oyunundan 22 xalla “Mançester Yunayted” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar”ı təhlükəli bölgədən cəmi 7 xal ayırır.


