AFFA 4 klubu Premyer Liqaya, 2 klubu avrokuboklara buraxmadı

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Arena.az xəbər verir ki, iclasda 2021/22-ci illər mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

  1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qarabağ” FK, “Neftçi” PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK

  1. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qəbələ” İK, “Səbail” PFK

  1. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021/22 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Qərarlardan da göründüyü kimi, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ” və “Səbail” klubları UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməyib. Avrokuklarda iştirak etmək üçün “Qarabağ”, “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Keşlə” və “Sabah”a lisenziya verilib. “Səbail” və “Qəbələ” avrokubok üçün müsbət cavab almasa da, növbəti mövsüm Premyer Liqa üçün lisenziya əldə edə bilib.

Hazırda Birinci Divizionda mübarizə aparan “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” klubları isə Premyer Liqaya lisenziya ala bilməyib. AFFA öz ənənəsinə sadiq qalaraq, bu dəfə də də Divizion təmsilçilərinə lisenziya verməyib. Bu isə o deməkdir ki, növbəti mövsümdə də Azərbaycan Premyer Liqasında cəmi 8 komanda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: