Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının son oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, iclasda Premyer Liqanın 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə” – “Neftçi” oyununda “Zirə”nin futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Zirə” buna görə 500 manat cərimə ödəyəcək. Bu oyunda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilib. “Neftçi”də 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə paytaxt komandası 10000 manat cərimə edilib. Oyunun 90+5-ci dəqiqəsində “Neftçi”nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Neftçi” 5000 manat cərimə edilib.
“Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
“Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.


