“Alanyaspor” 9 yeni futbolçu ilə müqavilə bağladı

Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” klubu növbəti mövsüm üçün heyətini gücləndirməyə başlayıb.

Arena.az xəbər verir ki, bir neçə gün öncə 12 futbolçusu ilə vidalaşdığını açıqlayan elita təmsilçisi ardından yeni transferlərini təqdim etməyə başlayıb.

Alanya klubu artıq 9 yeni futbolçu ilə müqavilə imzalandığını açıqlayıb. “Alanyaspor”un yeni transferləri bunlardır:

Altı legioner

Eduardo Bauermann. Braziliyadan olan 27 yaşlı mərkəz müdafiəçisi 2 illik müqavilə imzalanıb. O, Alanya klubunda 3 nömrəli formanı geyinəcək. Son iş yeri “Santos” olan müdafiəçi azad agent kimi Türkiyə klubuna keçib. O, “İnternasional”, “Nautikio”, “Atletiko Qoyanyense”, “Fiqeyrense”, “Parana” və “Amerika Mineyro” kimi klublarda, Braziliyanın U-17 və U-20 yığmalarında da oynayıb.

Karlos Eduardo. Braziliyadan olan 26 yaşlı sol cinah vingeri ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək. “Palmeyras”dan transfer olunan yarımmüdafiəçi daha öncə “Qoyas”, “Piramids”, “Atletiko Paranaense”, “Braqantino” və “Eştoril”də də forma geyinib.

Riçard Koelyo. Braziliyadan olan 29 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək. Sonuncu iş yeri “Seara” olan futbolçu, “Atletiko Paranaense”, “Vasko da Qama”, “Korintians”, “Fluminense”, “Atibaya”, “Atletiko Sorokaba” kimi klubların da formasını geyinib.

Nikolya Janvye. Fransadan olan 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Alanya klubunda 17 nömrəli formanı geyinəcək. Sonuncu iş yeri “Vitoriya” (Gimaraynş) olan fransız daha öncə yetirməsi olduğu “Renn”də, Fransanın aşağı yaşı qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

Anderson Silva. Braziliyadan olan 25 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli formanı geyinəcək. Janvye ilə birgə Portuqaliyanın “Vitoriya” klubundan gəlmiş Silva, “Beijing Quoan”, “Famalikan”, “Quarani” və “Quaratingeta”da da forma geyinib.

Loide Auqusto. Anqoladan olan 23 yaşlı sağ cinah vingeri ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 27 nömrəli formanı geyinəcək. Sonuncu iş yeri “Mafra” olmuş futbolçu daha öncə “Farense” və “Sportinq”in B komandasında da oynayıb. Yarımmüdafiəçi Anqola yığmasında da 2 oyun keçirib, 1 qol vurub.

Üç türk

Ərtoğrul Taşkıran. 33 yaşlı türk qapıçı ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək. Təcrübəli qolkiper daha öncə “Fənərbaxça”, “Samsunspor”, “Kayserispor”, “Sivasspor”, “Boluspor”, “Konyaspor” və “Kasımpaşa” klublarında, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Onur Dəmir. 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Niderland “Dordrext”inin yetirməsi son olaraq “Den Haq”da forma geyinib. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Məhəmməd Emin Sarıgül. 17 yaşlı yarımmüdafəçi ilə 4 illik müqavilə imzalanıb. “Feyenoord”un yetirməsi olan futbolçu Alanya klubunda 18 nömrəli formanı geyinəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: