Aleksandr Epuryanu Super Liqada klubunu dəyişdi

Moldova milli komandasının sabiq müdafiəçisi Aleksandr Epuryanu Türkiyə Super Liqasında mübarizə aparan “Başakşəhər” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. “Başakşəhər” ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Epuryanunun yeni iş yeri də müəyyənləşib. Təcrübəli futbolçu Super Liqanın digər təmsilçisi “Ümraniyəspor”a transfer olunub. O, yeni klubu ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.

Xatırladaq ki, Aleksandr Epuryanu 2014-cü ildən “Başakşəhər”də forma geyinirdi. O, həmin ildə yaradılmış İstanbul təmsilçisinin ilk əcnəbi futbolçusu olub. Epuryanu bu komandanın heyətində meydana çıxdığı 262 oyunda 16 qol vurub, 2 məhsuldar ötürmə müəlllifi olub. Bu mövsüm cəmi 4 oyuna çıxan mərkəz müdafiəçisi, ölkəsində “Zimbru” və “Şerif”in uğurları üçün də çalışıb. O, Türkiyəyə gələnə qədər Rusiyada “Moskva”, “Dinamo” (Moskva), “Krılya Sovetov” və “Anji” kimi klublarda da legioner həyatı yaşayıb.

Epuryanu Moldova milli komandasında 100 oyuna çıxıb və 8 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: